Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.
Xeberinmerkezi.az-ın xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edib. O, Sultanovun Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı həmçinin Mədəniyyət Nazirliyi tərəfindən təqsirləndirilən şəxsə qarşı əlavə olaraq qaldırılan 5 milyon 327 min 900 manat dəyərində mülki iddianın da təmin olunmasını istəyib.
Məhkəmə prosesi dekabrın 14-də davam edəcək.
Xatırladaq ki, Zakir Sultanov tarixi abidələrin və mədəniyyət nümunələrinin, obyektlərinin təmiri, bərpası üçün dövlət büdcəsindən ayrılan pulların bir qismini “otkat” qismində mənimsəməkdə ittiham olunaraq həbs edilib. O, korrupsiya əməlləri nəticəsində dövlətə vurduğu zərərin demək olar hamısını-5 milyon manata yaxın vəsaiti (4 milyon manat nağd, qalanı mal-mülk qismində) ödəyib.