Fevralın 28-də Bakı Dövlət Universitetində növbəti “Novruz mühazirəsi” keçirilib.
Mühazirədə BDU-nun Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Flora Hacıyevanın “Kiçik zərrələrin böyük qüdrəti: Nanotexnologiyalar” mövzusunda mühazirəsi dinlənilib.
Mühazirədə təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, AMEA-nın müvafiq institutları və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
BDU-nun rektoru Abel Məhərrəmov cəmiyyəti düşündürən, aktual elm sahələri barədə sadə və anlaşıqlı mühazirələri dinləmək imkanını yaradan “Novruz mühazirələri”nin əhəmiyyətindən danışıb.
Dosent Flora Hacıyeva mühazirəsində XXI əsrin texnologiyası hesab olunan nanotexnologiya, onun tarixi, inkişaf xronologiyası, dünyada əsas tətbiq imkanları, o cümlədən BDU-da bu sahənin inkişafı və əldə edilən nəticələr barədə məlumat verib. Bildirib ki, universitetdə bu sahədə elmi məktəb və yüksək səriştəli kadr potensialı formalaşıb, alimlərin araşdırmaları dünyanın bu istiqamətdə tədqiqat aparan mərkəzlərində çalışan mütəxəssislər, o cümlədən BDU-da mühazirə deyən Nobel mükafatları laureatları tərəfindən yüksək qiymətləndirilib.
Mühazirəçi, eyni zamanda, nanotexnologiyanın hərbi sənaye, tibb, ekologiya sahələrində tətbiqi, nanorobotların gələcək fəaliyyəti, ətraf mühitin qorunmasında robototexnikanın rolu, nanotoksikologiya ilə alınan məhsulların artması, tətbiq sahələrinin genişlənməsi, xüsusilə ətraf mühitin qorunması və tibbi praktikada tətbiqi, aviasiya və kosmonavtikada istifadəsindən bəhs edib.
Daha sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb
Təhsil nazirinin müavini Firudin Qurbanov “Novruz mühazirələri”nin əsas məqsədinin təhsil və elmin müxtəlif sahələrinə dair mövzuların gündəmə gətirilməsi olduğunu bildirib və Flora Hacıyevanın mühazirəsini yüksək qiymətləndirib.