Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Prezident və xanımı Kəlbəcərdə...

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Azərbaycan Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev kompleksdə yaradılacaq şərait barədə dövlət başçısına və birinci xanıma məlumat verib.

Bildirilib ki, bu yaşayış kompleksinin ərazisi 10 hektara yaxın olacaq. Buraya ümumilikdə 807 ailənin köçürülməsi nəzərdə tutulur. Yaşayış kompleksində 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı, 82 dördotaqlı olmaqla 807 mənzil inşa ediləcək. Burada 4 mərtəbəli 26 binanın inşası planlaşdırılır. Binaların 1-ci mərtəbəsində məişət və ticarət obyektləri yaradılacaq.

Yaşayış kompleksində sakinlərin rahatlığı və asudə vaxtlarının səmərəli təşkili üçün idman meydançaları, velosiped yolları salınacaq, istirahət guşələri, söhbətgahlar, uşaqlar üçün oyun guşələri inşa olunacaq. Binaların hamısı daimi su, elektrik enerjisi və yüksəksürətli internetlə təchiz ediləcək. Ərazidə, həmçinin geniş miqyasda yaşıllıq zonalarının salınması nəzərdə tutulur.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhər parkının təməlini qoyub.

Şəhərin müfəssəl Baş planına uyğun olaraq layihələndiriləcək yeni park kompleksi təxminən 11 hektar ərazini əhatə edəcək. Bu sahənin təxminən 9 hektarında yaşıllıqlar salınacaq. Parkda rayonun ictimai və mədəni həyatında baş verən tədbirlərin təşkili üçün xüsusi zonalar, idman və sağlamlıq guşələri, həmçinin uşaqlar üçün əyləncə və ekstremal macəra sahələri yaradılacaq.

Layihəyə əsasən, parkın ərazisində yerüstü avtomobil dayanacağı, relsli xizək yolu, restoranlar, kafelər, amfiteatr və digər zəruri infrastruktur obyektlərinin inşası da nəzərdə tutulur.

Bir sözlə, burada həm şəhər sakinlərinin, həm də qonaqların asudə vaxtlarını mənalı və rahat keçirmələri üçün hərtərəfli şərait təmin olunacaq. Dağlarla əhatələnmiş, əsrarəngiz təbiəti ilə seçilən Kəlbəcər şəhərində inşa olunacaq bu yeni istirahət mərkəzi bölgənin gözəlliyinə yeni rəng qatacaq və turizm potensialını daha da gücləndirəcək.

***

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib.

Kəlbəcər Azərbaycanın ən zəngin təbiətə malik bölgələrindən biri olmaqla yanaşı, arıçılıq sahəsində qədim və dəyərli ənənələri yaşadan diyarlarımızdandır. Rayonun dağlıq relyefi, nadir və çoxçeşidli flora örtüyü, eləcə də yüksək dağ çaylarının ətrafında formalaşan əlverişli mikroiqlim burada istehsal olunan balın həm dad, həm keyfiyyət, həm də müalicəvi xüsusiyyətlərinə müsbət təsir göstərən əsas amillərdir.

Arıçılıq Kəlbəcər əhalisinin əsas məşğulluq sahələrindən biri olub və bu peşə nəsildən-nəslə ötürülərək bu günə qədər qorunub saxlanılıb. Bu sahədə uzun illər fəaliyyət göstərmiş Sabir Mustafayevin ailə təsərrüfatı bunun bariz nümunələrindəndir. Vətən müharibəsindən sonra o, ailəsi ilə birgə doğma torpağına qayıdaraq təsərrüfatını yenidən qurub. Onların istehsal etdiyi bal Kəlbəcərin ən ucqar və səfalı yaylaqlarında bitən çiçəklərdən toplanır.

2021-ci ildə Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı bu təsərrüfata baş çəkməsi və Kəlbəcər balı ilə bağlı söylədiyi fikirlər arıçılıqla məşğul olan ailələr üçün mühüm stimul və ruh yüksəkliyi yaradıb.

Bu diqqətin davamı olaraq, Kəlbəcər şəhərinin mərkəzində “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası” fəaliyyətə başlayıb. Burada bal ilə yanaşı, propolis, arı südü, çiçək tozu, mum və digər təbii məhsullar təqdim olunur. Gələcəkdə bu məhsulların “Made in Azerbaijan” brendi ilə beynəlxalq bazarlara çıxarılması və onlayn satış platformasının yaradılması planlaşdırılır. Mağaza yalnız satış məkanı deyil, həm də Kəlbəcər balının tanıdılması, arıçılıq məhsullarının brendləşdirilməsi və bu sahənin inkişafı üçün platforma funksiyasını daşıyır.

Artıq 40 ildən çoxdur arıçılıqla məşğul olan Mustafayevlər ailəsi bu sahəyə dərin bağlılıqla yanaşır. Onlar ənənəni qorumaqla yanaşı, müasir üsulların tətbiqi ilə təsərrüfatı inkişaf etdiriblər. Ailənin gənc üzvlərinin də bu işə maraq göstərməsi təsərrüfatın davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda təsərrüfatda 400-ə yaxın arı ailəsi var və bu təsərrüfat ölkənin nüfuzlu ailə təsərrüfatlarından biri kimi tanınır.

Bu layihə təkcə arıçılığın inkişafı baxımından deyil, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi dirçəlişin təmin olunması, ekoloji cəhətdən təmiz məhsulların istehsalı və regionun kənd təsərrüfatı potensialının gücləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.

Açılışdan sonra Prezident İlham Əliyev Sabir Mustafayevlə söhbət etdi.

Sabir Mustafayev: Xoş gəlmisiniz, bizə şərəf vermisiniz. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Bilirsən, mən balınızı da təbliğ edirəm. Həm özüm hər gün yeyirəm, həm də xarici qonaqlara göndərirəm.

Sabir Mustafayev: Bəli, bilirəm. Çox təşəkkür edirəm. Siz bizə böyük stimul verdiniz. Oğlum başqa sahəni seçmişdi, diplomat olmaq istəyirdi, beynəlxalq münasibətlər üzrə. Sizin gəlişinizdən, Kəlbəcər balı haqqında xoş sözlərinizdən sonra artıq bu sahəni seçdi və qərara aldı ki, Kəlbəcər balını xarici bazara çıxaracaq.

Prezident İlham Əliyev: Bu, artıq brend olacaq.

Sabir Mustafayev: Ermənilər 2019-cu ildə burada - Siz durduğunuz yerdə festival keçiriblər.

Prezident İlham Əliyev: Amma onlar burada yaşamırdılar.

Sabir Mustafayev: Az sayda yaşayırdılar. Bir il sonra “Dəmir yumruq” öz sözünü dedi.

Prezident İlham Əliyev: Əlbəttə.

Sabir Mustafayev: Ermənilər burada bir şənlik təşkil etdilər. Sizin Şuşada Cıdır düzündə, armudu stəkanda, özü də paxlava ilə çay içməyiniz ürəyimdən tikan çıxardı. Şənlik təşkil etdikləri bu yerdə Kəlbəcər balı ilə çay içməyiniz çox yaxşı olar.

Prezident İlham Əliyev: Bəli, gəl burada da şəkil çəkdirək.

Sabir Mustafayev: Bəli, çəkdirək. Təşəkkür edirəm. Çox sağ olun, bizə şərəf verdiniz. Allah Sizi qorusun. Allah şəhidlərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev: Sağ olun.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub.

Yaşayış kompleksinin ümumi ərazisi 7,6 hektar olacaq. Burada 4 və 5 mərtəbəli 29 bina tikiləcək. Kompleksdə 476 mənzilin inşası planlaşdırılıb ki, onlardan da 8-i birotaqlı, 176-sı ikiotaqlı, 169-u üçotaqlı, 123-ü isə dördotaqlı olacaq.

Buraya köçürüləcək ailələrin rahatlığı və məişət məsələlərinin həlli üçün kompleksdə bütün zəruri infrastruktur qurulacaq. Belə ki, burada məişət və ticarət obyektləri, futbol meydançası, istirahət guşələri, söhbətgahlar, uşaq oyun meydançaları, velosiped yolları, yerüstü avtomobil dayanacağı yaradılacaq. Binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin ediləcək. Ərazidə geniş abadlıq və yaşıllıq işləri görüləcək.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında iştirak ediblər.

“AzərEnerji” ASC-nin sədri Baba Rzayev dövlətimizin başçısına və birinci xanıma stansiyalar barədə məlumat verdi.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq Kəlbəcər rayonunda 8,6 meqavatlıq “Aşağı Vəng” və 8,8 meqavatlıq “Nadirxanlı” kiçik su elektrik stansiyaları tikilib. Bu stansiyaları su ilə təmin etmək üçün Lev çayının Tərtər çayına qovuşmasından sonra baş suqəbuledici, eyni zamanda, Tutqu çayının Tərtər çayına qovuşan hissəsində ikinci suqəbuledici yaradılıb. Kaskad su elektrik stansiyaları silsiləsinə daxil olan bu stansiyalar üçün çətin relyefdə ümumilikdə 9300 metr uzunluğunda derivasiya borusu çəkilib. Çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması üçün xüsusi hidrotexniki qurğularlarla təchiz olunan suqəbuledicilərdə bütün ekoloji normalara riayət edilib. Hər iki stansiyada quraşdırılmış hidroaqreqatlar zərərli maddələrin suya qarışmasının qarşısını almaqla yanaşı, onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik etmədən suyu aşağı axarda yenidən çaya qaytarır.

Müasir avadanlıqlarla təchiz edilmiş stansiyalar ölkə enerjisisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya olunub. Burada istehsal edilən ekoloji təmiz yaşıl enerji ilə təxminən 25 min nəfər elektrik enerjisi ilə təmin olunacaq.

“Aşağı Vəng” və “Nadirxanlı” stansiyalarında il ərzində 48 milyon kilovat-saat elektrik enerjisinin istehsal edilməsi nəzərdə tutulur. Qənaət edilən təbii qazın həcmi 12,5 milyon kubmetr təşkil edəcək ki, bununla da il ərzində 23 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Kəlbəcər rayonunun 8 nəfər sakini stansiyalarda işlə təmin olunub.

“Çaykənd” Kiçik Su Elektrik Stansiyasının isə gücü 5 MVt-dır. Bu, “AzərEnerji” tərəfindən Kəlbəcərdə istismara verilən sayca onbirinci “yaşıl enerji” obyektidir. Stansiya ölkənin ən böyük bolsulu çaylarından birinin - Tərtər çayının üzərində yeni yaradılmış baş suqəbuledicidən 8 min 500 metrlik derivasiya borusu ilə gələn su ilə təchiz olunur. Təxminən 7 min nəfəri ekoloji təmiz yaşıl enerji ilə təmin edəcək stansiyada “ətraf mühitə dost texnologiyalar” tətbiq ediləcək. Rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması ilə yanaşı, stansiyaya Bakıdan nəzarət etmək də mümkün olacaq. Stansiyanın enerjisistemə inteqrasiya üçün 5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti çəkilib. Stansiya ölkə enerjisisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya edilib. Stansiyada il ərzində 15 milyon kilovat-saat elektrik enerjisinin istehsalı, bununla da 3.2 milyon kubmetr təbii qaza qənaət edilməsi və 6 min ton karbon qazının atmosferə atılmasının qarşısının alınması nəzərdə tutulur. Burada 4 nəfər Kəlbəcər sakini işlə təmin olunub.

Prezident İlham Əliyev “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışını etdi.

Xatırladaq ki, dövlətimizin başçısının göstərişi ilə həyata keçirilən işlər nəticəsində Qarabağ və Şərqi Zəngəzurda əlavə 3 su elektrik stansiyasının istismara verilməsi ilə bu cür stansiyaların sayı ümumilikdə 38-ə, ümumi gücü isə 307 MVt-a çatdırılıb. Sistemli şəkildə tikilib istismar olunan bu stansiyalar artıq iqtisadiyyata, “yaşıl enerji”nin genişlənməsinə, ətraf mühitin qorunmasına öz töhfəsini verir. Bu günə qədər su elektrik stansiyalarında 1,5 milyard kVts yaşıl enerji istehsal olunub, 335 milyon kubmetr qaza qənaət edilib, 620 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Su elektrik stansiyaları azsulu dövrdə 80 MVt, bolsulu dövrdə isə 200 MVt-dan artıq gücdə 24 saat fasiləsiz yaşıl enerji istehsal edir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə