“Taliban” yaraqlılarının Kabili tutması haqda xəbərlərdən sonra Əfqanıstan paytaxtının sakinləri kütləvi şəkildə şəhəri tərk edir. Sosial şəbəkələrdə yayılmış kadrlara əsasən minlərlə avtomobil Kabilin çıxış yollarında uzun tıxaca səbəb olub, habelə bankların qarşısında uzun növbələr var. Şəhərin qərb hissəsində artıq “Taliban” bayrağı dalğalanır, taliblərin şəhərin yarıdan çoxuna nəzarət etdiyi bildirilir. Hökumət qüvvələri artıq müqaviməti dayandırıb və təslim olur.
“Taliban”ın Qətərdəki siyasi ofisinin rəhbəri Muhammed Sohail Şahin BBC-yə bildirib ki, hərəkat tezliklə Əfqanıstan İslam Əmirliyini elan edəcək. Onun sözlərinə görə, Əfqanıstanda şəriət qaydaları hökm sürəcək.
“Bizim qüvvələrimizə Kabilin girişində dayanmaq və hələlik şəhərə girməmək əmri verilib. Hakimiyyətin dinc yolla təhvil verilməsini gözləyirik. Şəhər və hakimiyyət Əfqanıstan İslam Əmirliyinə təslim edilməlidir, bundan sonra biz islam hökuməti formalaşdıracağıq”,-“Taliban” nümayəndəsi bildirib. O, əmin edib ki, yeni hökumət qadınların işləmək və təhsil almaq hüquqlarını tanıyacaq. Habelə qərb qüvvələri ilə əməkdaşlıq etmiş əfqanlara divan tutmayacaq.
Radikal “Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ aldığını elan edib.
Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Eyni zamanda bildirilir ki, Əfqanıstanın keçid hökumətinə Əhməd Cəlali rəhbərlik edəcək.
Əfqanıstan prezidenti Əşrəf Qani ABŞ və NATO nümayəndələri ilə məsləhətləşmələr apardıqdan sonra hakimiyyəti "Taliban"a təslim etmək qərarına gəlib. Bu gün Qani prezident postundan istefa verəcək.
Razılaşmaya görə, "Taliban" əvvəlki rəhbərliyin nümayəndələrindən qisas almayacaq. "Al Arabiya" telekanalı xəbər verir ki, Əfqanıstanda hakimiyyətin ötürülməsi bu gün Kabildəki prezident sarayında baş tutacaq.
Bu arada, Reuters-in məlumatına görə, Kabildə qalan Avropa Birliyinin diplomatları gizli yerə köçürülüb.
"Taliban" deleqasiyası Kabildəki prezident sarayında danışıqlar aparır. Bu barədə xarici KİV-lər yazır.
Qeyd olunur ki, prezident Əşrəf Qani ABŞ-ın Əfqanıstanda barışıq üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadla ilə təcili danışıqlar aparır. Reuters xəbər agentliyinin Əfqanıstan prezidentinin nümayəndəsinə istinadən verdiyi məlumata görə, NATO-nun yüksək vəzifəli rəsmiləri də danışıqlarda iştirak edirlər.
"Taliban" silahlılarına Kabilə girməyə icazə vermir, hökumətlə şəhərə "sülh yolu ilə" girmək ehtimalı ilə bağlı danışıqlar aparılır. Danışıqlar barədə hələ ki rəsmi qurumlardan heç bir məlumat yoxdur.
Daha əvvəl xarici KİV-lər öz mənbələrinə istinadən xəbər verirdi ki, "Taliban" artıq Kabildədir.
Əfqanıstan Daxili İşlər Nazirliyi "Taliban"ın Kabilə hücumunun başladığını elan edib. Bu barədə "Reuters" agentliyi xəbər verir.
Agentlik "Taliban"ın "Twitter" hesabına istinadən yazır ki, "Taliban" Kabilə girərək paytaxtın qərbindəki universiteti nəzarətə götürüb. Əfqanıstanın paytaxtında "Taliban" bayraqları qaldırılıb.