“Formula-1”də lyuk qəzası haqqında - ARAŞDIRMA
Xəbər verdiyimiz kimi, dünən “Formula-1”də sərbəst yürüşlər zamanı “Uilyams” komandasının pilotu Corc Raslın bolidi lyuklardan birinin üzərindən keçərkən ciddi zədə alıb.
Yarışdan əvvəl trek üzərindəki 300-ə yaxın lyuk Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən yoxlanılsa da, nöqsan aşkarlanmamışdı.
Bəs o zaman qəzaya səbəb nə oldu?
Bakı Şəhər Halqasından dünən verilən məlumatda sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olması göstərildi. Bolidlər onun üzərindən hərəkət etdikcə, həmin lyuk qapağı tədricən qalxıb və nəticədə, belə bir qəzaya səbəb olub.
Pilotun və bolidin durumu barədə son məlumat
Son məlumatda britaniyalı pilot özünü yaxşı hiss etdiyini bildirir. Onun açıqlaması:
“Adi qaydada gedirdim və lyukun qapağına ilişdim. Bu lyukları görməyim mümkün deyil. Maşın möhkəm silkələndi, arxada nəsə baş verdiyini hiss etdim. Atəşləyici söndüyündən, mühərrik dayandı. Həmin an nə baş verdiyini bilmirdim. Dərhal boliddən endim. Hazırda heç bir yerim ağrımır, hər şey qaydasındadır. Mən möhkəm oğlanam”.
Pilot onu da bildirib ki, trekdən evakuatorla aparılan həmin bolidin alt hissəsi çox zərər çəkdiyindən (komanda rəhbərliyi onu düzəltmək üçün çox işin və çox pulun lazım olduğunu bildirib) artıq yarış üçün etibarlı deyil və yarışa ehtiyat bolidlə çıxmalı olacaq.
“Uilyams”a dəyən zərəri kim ödəməlidir?
Bu sual da bu məsələdə aktuallıq kəsb edir. Belə bir fakt artıq əvvəlki Qran-Prilərdə də baş verib. Məsələn, uzağa getməyək.
İki il əvvəl Malayziyada keçirilən Qran-Pri zamanı sərbəst yürüş zamanı “Mercedes”in pilotu Valteri Botas trasın kənarındakı qırmızı xəttin üzərindəki drenaj çərçivəsini tərpədir. Onun maşını zərər görməsə də, arxadan gələn Romen Qrojanın idarə etdiyi “Haas” bolidinin arxa sağ təkəri sıradan çıxır. Bolid isə beton səddə çırpılır.