Rusiyadan deputatımızla bağlı açıqlama: Buna görə buraxılmadı
Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Rusiyaya girişinə icazə verilməməsinə səbəb onun dəfələrlə antirusiya açıqlamaları olub.
Bu barədə TASS-a mənbə bildirib.
Mənbə xatırladıb ki, 2025-ci il mayın 4-də Azərbaycan deputatı Azər Badamov Rusiya ərazisinə buraxılmayıb:
"Azər Badamovun "Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına daxil olma qaydası haqqında" Federal Qanununun 26 və 27-ci maddələrinə uyğun olaraq Rusiyaya buraxılmasına icazə verilmir. Buna əsas kimi Milli Məclisin deputatının dəfələrlə antirusiya və rusofobik bəyanatlar verməsi göstərilir".
O vurğulayıb ki, Badamova qarşı görülən tədbirlər “şəxsi xarakter daşıyır” və “Rusiya tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdirilməsi ilə bağlı dəyişməz öhdəliyinə” təsir göstərmir:
"Rusiya dost ölkələrlə münasibətlərdə “stop-list” praktikasının tərəfdarı deyil. Məlum olduğu kimi, əvvəllər də bir sıra Rusiya qanunvericilərinə qarşı Azərbaycana giriş qadağası qoyulub. Son belə hal Dövlət Dumasının deputatı Nikolay Valuyevə aiddir. Moskva bu cür məsələlərin media vasitəsilə deyil, diplomatik kanallar vasitəsilə həllini düzgün hesab edir".