Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda...



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.

Xəbərin Mərkəzi.az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına əvvəlcə “Bərdə-Ağdam dəmir yolu xətti” layihəsi, Bərdə-Ağdam-Xankəndi dəmir yolunun tikintisi, Xankəndi dəmir yolu və avtovağzal kompleksi barədə məlumat verdilər.

Qeyd edilib ki, Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.

Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.

Sərnişinlərin həm qatar perronuna, həm də avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlara rahat keçidi təmin olunub.

Kompleksin ərazisində, həmçinin müxtəlif növ nəqliyyat vasitələrinin servis binaları və sərnişin platforması tikilib. Ərazidə fərdi, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaqlar, şəhərlərarası və rayondaxili marşrutlar üzrə avtobuslar üçün perronlar, velosiped dayanacaqları, park və elektromobillər üçün elektrik doldurma məntəqəsi də yaradılıb.

Sonra Bərdə-Ağdam dəmir yolu xətti ilə ilk rəmzi sərnişin qatarı yola salındı.

Qeyd edək ki, işğaldan azad olunmuş rayonlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin tərkib hissəsi kimi bu ərazilərimizdə mühüm yol-nəqliyyat layihələrinin icrasına da xüsusi diqqət yetirilir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, rayonun sosial-iqtisadi dirçəlişinə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək, öz ata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat şəkildə səfər etməsində böyük rol oynayacaq, ümumilikdə Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə xidmət edəcək. Eyni zamanda, bu cür mühüm infrastruktur layihəsinin həyata keçirilməsi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizdə nəqliyyat sahəsində görülən işlərin ardıcıl və yüksək keyfiyyətlə davam etdiyinin bariz nümunəsidir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına burada yaradılmış şərait barədə məlumat verdi.

Qeyd edildi ki, işğaldan azad olunmuş digər ərazilərdəki kimi, Ağdam rayonunda da genişmiqyaslı quruculuq işləri aparılır. Bu işlərin davam etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir. Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.

Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Bu kənddə də əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.

***

Prezident İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub.

Burada əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına imkan yaranacaq. Binada müxtəlif tədbirlərin keçiriləcəyi iclas zalı və işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün iş otaqları yaradılıb.

***

Prezident İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub.

İkimərtəbəli mərkəzdəki otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var.

***

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, 30 sinif otağı olan 484 şagird yerlik məktəbdə təhsil prosesinin müasir səviyyədə təşkili üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada biologiya, kimya və fizika laboratoriyaları, informatika, çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur.

Təhsil ocağının ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.

Qeyd edək ki, kənddə inşa olunmuş bir çox qeyri-yaşayış binasının, o cümlədən məktəb binasının damında da Günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir. Yeni istifadəyə verilən Kəngərli tam orta məktəbi bunun daha bir nümunəsidir.

***

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, müasir standartlara uyğun inşa edilmiş 120 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların sağlam mənəvi və fiziki mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Körpələr evi-uşaq bağçasında 6 qrup fəaliyyət göstərəcək.

Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb.

Ölkədə yeni uşaq müəssisələrinin yaradılması prosesi işğaldan azad olunmuş ərazilərimizdə də uğurla davam edir. Həyata keçirilən bu layihələr həmin ərazilərimizə köçən uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin uğurlu nəticələrindəndir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə