Ermənistanda “Lydian International” dağ-mədən şirkətinin əməkdaşları tətilə başlayıblar. İrəvana gələrək hökumət binasının qarşısında aksiya keçirən etirazçılar aiddiyyatı qurumlardan normal iş rejiminin yaradılması üçün tədbirin görülməsini tələb ediblər. “Amulsar” qızıl mədəni ABŞ-ın “Lydian International” şirkəti tərəfindən istismar olunur. Yataq Cermuk şəhərindən 13 km aralıda, Ermənistanın cənub-şərqində, Arpa və Bərguşad çayları arasında yerləşir. Ötən ayın əvvəlində əyalət sakinləri, ictimai fəallar mədənin bağlanması tələbi ilə aksiya keçiriblər. Onlar mədənə gedən yolları bağlayıblar və hökumətdən məsələ ilə əlaqədər dəqiq cavab alanadək ərazidən çəkilməyəcəklərini bildiriblər. Şirkət əməkdaşları isə deyirlər ki, yerli sakinlərin etirazı müəyyən qüvvələr tərəfindən təşkil olunan sabotajdır. Məsələyə münasibət bildirən Ermənistan mətbuatı əslində sakinlərin və ekoloqların haqlı olduğunu yazır. Kəndlilər suyun çirkləndiyini, onun içilməsinin mümkün olmadığını görüblər. Ona görə də Cermukdan olan ictimai fəallar qızıl mədəninin bağlanması tələbi ilə çıxış edən sakinləri dəstəkləyirlər. Fəhlələr isə işlərini itirməkdən qorxurlar. Lakin dağ-mədən şirkəti fəaliyyət göstərdiyi təqdirdə təbiətə vurulan ziyan dəfələrlə təhlükəlidir. Ərazidə lazimi standartlar gözlənilmədiyindən çaylarda lil qatı yaranıb. Tezliklə bu ərazidəki kəndlərdə sakinlər içməli su tapa bilməyəcəklər. Təbiət isə quraqlığa tab gətirə bilməyəcək.
Armavir vilayətinin sakinləri isə mer Razmik Qriqoryanın istefası tələbi ilə aksiya keçirirlər. Etirazçılar əyalət rəhbərini soyğunçuluqda ittiham edirlər. Bildirilir ki, Armavirdə əhali 30 ilə yaxındır qorxu içində yaşayır. Məlumata görə, Razmik Qriqoryan vilayət admnistrasiyasında görünmür. Vətəndaşlar, onların problemləri ilə maraqlanmayan şəxsi mer kimi görmək istəmirlər. Kəndlərdə istər içməli, istərsə də təsərrüfat suyu yoxdur. Yay aylarında maşınlar da su gətirmir. Problemi aradan qaldırmaq üçün 80 milyon dram ayrılıb. Vəsait isə Razmik Qriqoryan və onun əmisi, korrupsiya əməllərinə görə hazırda həbsdə olan general Manvel Qriqoryan tərəfindən mənimsənilib. Mer isə ittihamlara cavab olaraq 30-40 nəfərin sözünə görə istefaya getməyəcəyini bildirib. Üstəlik, növbədi dəfə də namizədliyini irəli sürəcəyini bildirib. Razmik Qriqoryanın sözlərinə görə etiraz edənlərin 95 faizi ona borcları olan adamlardır. İndi bu yola məsuliyyətdən qaçmaq istəyirlər. Kənd sakinləri isə soyğunçu merin ittihamları ilə razılaşmırlar. Ona görə də aksiyaları Qriqoryan istefaya gedənə kimi davam etdirməyi düşünürlər.
Bir qrup din xadimi isə Katolikos II Qaragenin istefası tələbi ilə tətilə başlayıb. İrəvanda kilsələrin qarşısında təşkil olunan mitinqin iştirakçıları ölkənin ali dini liderinin 2008-ci il 1 mart hadisələrinə görə məsuliyyətə cəlb olunması da istəyirlər. Bildirilir ki, məhz Katolikos o vaxtkı hakimiyyətə belə bir cinayətkar əməli törətmək üçün öz razılığını və xeyir-duasını verib. İstintaq komitəsinin bununla bağlı açıqlamasından sonra Ermənistan ictimaiyyəti II Qaragenə qarşı etiraz aksiyalarına başlayıb.
Artıq Ermənistanın ikinci prezidenti Robert Koçaryan 2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı Xüsusi İstintaq Komitəsinə çağırılıb. Bildirilib ki, həmin günlərdə aksiya iştirakçıları Serj Sarkisyanın prezident seçilməsinə etiraz edirdilər. İrəvanda polislə aksiyaçılar arasında baş vermiş qanlı toqquşma nəticəsində 10 nəfərin öldürüldüyü bildirilir. Məsələ ilə bağlı Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan artıq axtarışa verilib. O, 10 il əvvəl keçirilmiş prezident seçkiləri ilə əlaqədar etiraz aksiyaları zamanı zorakılıq törətməkdə ittiham olunur. Bu səbəbdən də prokurorluq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsadət verib. Lakin general Arutyunyanın yerini müəyyən etmək mümkün olmayıb və barəsində axtarış elan edilib. Ermənistanın Xüsusi İstintaq Xidmətinin yaydığı məlumatda deyilir ki, bu gün Arutyunyana və digərlərinə qarşı 2008-ci il fevralın 23-dən martın 2-nədək Ermənistanda konstitusion quruluşun devrilməsi ittihamı ilə cinayət işi başlanılıb. Bu cinayət işi 2008-ci il martın 1-də və 2-də İrəvanda baş vermiş hadisələrin, yəni nümayişçilərə atəş açılması üzrə cinayət işinin istintaqına birləşdirilib. Ermənistan Milli Olimpiya Komitəsinin sədri, deputat Qagik Tsarukyanın mühafizə xidmətinin rəisi Eduard Babayan da saxlanılıb. O, adı açıqlanmayan şəxsə ağır fiziki xəsarət yetirməkdə şübhəli bilinir. Mühafizə xidməti rəisinin evində axtarışın aparılması barədə vəsatət hazırlanıb. Zərərçəkən isə iddia edir ki, onu əvvəlcə Qaqik Tsarukyan, daha sonra Eduard Babayan vurub. Onun sözlərinə görə, Rusiya vətəndaşı olan oğluna boks üzrə dünya çempionluğu qarşılığında Ermənistan Milli Olimpiya Komitəsinin sədri mükafat vəd edib. Lakin onun oğlu hazırda həqiqi hərbi xidmətdən yayındığı üçün axtarışdadır və mükafatını ala bilmir.
Serj Sarkisyanın qohumlarına isə ölkədən çıxmaq qadağan edilib. Keçmiş prezidentin qardaşı Levon Sarkisyan və onun övladları 6 milyon 800 min dollar məbləğində bank depozitini vergi orqanlarından gizlədib. Onların evində axtarış aparılıb. Nəticədə xeyli bank sənədləri müsadirə edilib. Sarkisyanın şəxsi təhlükəsizlik xidmətinin rəisi Vaçiqan Kazaryanın isə həbsinə qərar verilib. “Jamanak” qəzeti yazır ki, Kazaryanın həbsi təsadüfi deyil. Xüsusi xidmət orqanları dövlət məmurlarına verilən əlavə ödənişlərin hesablanmasını aparır. Aylıq ödənişlər 15 min dollara çatıb. Buna isə milyonlar sərf edilib. Bu gün polis bu pulların haradan götürüldüyünü müəyyən etməyə çalışır. Erməni mətbuatı yazır ki, Paşinyanın indiki mərhədə xüsusi diqqəti qarşıdan gələn parlament seçkisinə yönəlib. Bu seçkidən sonra isə bir zamanlar hakim partiya olan Respublikaçıların işinə baxılacaq və onlar tamamilə məhv ediləcək. Bundan sonra Ermənistanın 3-cü prezidenti Qarabağ quldurunun taleyi də həll ediləcək. Təhlükəsizlik xidməti ümumerməni fondu Hayastanın direktoru Ara Vardanyan da saxlanılıb. O, fondun milyionlarla dramlıq kredit kartına sahib olduğunu və bunu şəxsi məqsədləri üçün istifadə etdiyini etiraf edib. Əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə ayrılan həmin pullar Ara Vanrdanyan tərəfindən onlayn-kazinoda xərclənib. Təkcə son bir neçə gündə onlayn kazinoya 14 milyon dram sərf olunub. İl ərzində isə 130 milyon dram fond sədri tərəfindən qumara xərclənib. Ermənistanda səfalət içində yaşayan vətəndaşlar deyirlər ki, onlar yaşamaq uğrunda mübarizə apardıqları bir vaxtda Vardanyan kimi məmurlar kasıb insanlar üçün ayrılan yardımlarla lüks həyat yaşayırlar. İstintaq Komitəsinin yaydığı digər məlumatda isə bildirilir ki, Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandiri külli miqdarda mənimsəmə faktında şübhəli bilinir. Polkovnik öz hərbi hissəsindəki mayorla razılığa gələrək yanvar - iyun ayları ərzində planda nəzərdə tutulandan daha az hərbi texnikadan istifadə edilməsinə tapşırıq verib. Beləliklə də, qənaət edilən 24 ton dizel yanacağını satan polkovnik Ermənistana 18 min 450 dollar ziyan vurub. Nəticədə mayor, polkovnik və dörd nəfər saxlanılıb.