Prezident İlham Əliyevin geniş tərkibli heyətlə Serbiyaya rəsmi səfəri, burada keçirilmiş görüşlər və əldə edilmiş razılaşmalar Serbiya mətbuatı tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, TANYUQ və Beta xəbər agentlikləri, RTS telekanalı, Belqrad Radiosu, “Politika”, “Blits”, “İnformer” gündəlik qəzetləri, eləcə də aparıcı xəbər saytları iki ölkə arasında strateji əməkdaşlığın genişləndirilməsi, xüsusilə energetika, infrastruktur və iqtisadi sahələrdə birgə layihələr müzakirə olunduğundan bəhs ediblər.
Serbiya mediasının məlumatına görə, səfər çərçivəsində dövlət başçılarının işgüzar naharı təşkil olunub və bu zaman əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Prezident Vuçiç bildirib ki, iki ölkə arasındakı münasibətlər tarixən dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanır və birgə layihələrin reallaşdırılması üçün əlverişli zəmin mövcuddur. Görüşdə energetika sahəsində əməkdaşlığın artırılması xüsusi diqqət mərkəzində olub. Prezident Vuçiç bildirib ki, bu istiqamətdə Azərbaycanla əməkdaşlıq Serbiyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaya bilər və qarşılıqlı fikirlər energetika layihələrinin həyata keçirilməsinə yönəlib.
Bundan başqa, serb mediası Prezident Aleksandar Vuçiçin Azərbaycan Prezidenti İlham Əliyevlə gələcək iqtisadi və infrastruktur layihələrini də müzakirə etdiyini yazır. Bu çərçivədə tərəflərin qarşılıqlı faydalı investisiya layihələrinin həyata keçirilməsi perspektivlərini də müzakirə etdiyi vurğulanır.
Prezident Vuçiç Azərbaycanı dost və strateji tərəfdaş kimi səciyyələndirib, gələcək əməkdaşlıq istiqamətlərinin müxtəlif sahələri — xüsusilə iqtisadiyyat, energetika, infrastruktur və digər önəmli sektorları əhatə edəcəyini vurğulayıb.
Dövlət başçılarının birgə mətbuat konfransında səsləndirilən fikirlər də mətbuatda geniş əks olunub. Bildirilib ki, tərəflər arasında indiyədək 57 əməkdaşlıq sənədinin imzalanması, Strateji Tərəfdaşlıq Şurasının iclasının baş tutması və müxtəlif sahələr üzrə yeni sənədlərin mübadiləsi də strateji tərəfdaşlığın dərinliyinə dəlalət edir.
Media məlumatlarında, həmçinin qeyd edilib ki, Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər və ikitərəfli müzakirələr Azərbaycan-Serbiya əlaqələrinin möhkəmləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni perspektivlər açıb.