Azərbaycanın iki güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Xəbərin Mərkəzi.az xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçisi Taleh Məmmədov Leri Abuladze ilə (Gürcüstan) üz-üzə gəlib.
Rəqibinə məğlub olan Məmmədov yarışın gümüş medalına sahib çıxıb.
55 kq-da ikiqat qitə çempionu Eldəniz Əzizli isə eyni raundda Adem Uzuna (Türkiyə) uduzaraq gümüş medalla kifayətlənib.
Bu gün, həmçinin, 130 kq-dakı Sabah Şəriəti finalda Rza Kayaalpla (Türkiyə) qarşılaşacaq. 87 kq-dakı İslam Abbasov isə Laşa Qobadzeylə (Gürcüstan) bürünc medal uğrunda güləşəcək.
19:52
Azərbaycanın daha iki yunan-Roma güləşçisi Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Oxu.Az xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov yarımfinalda Türkiyə təmsilçisi Murat Fırata qalib gəlib.
72 kq çəki dərəcəsində çıxış edən Ülvi Qənizadə də yarımfinalda Türkiyə təmsilçisinə - Selcuk Cana qalib gəlib.
Həsrət Cəfərov qızıl medal uğrunda Coni Xetsuriani (Gürcüstan), Ülvi Qənizadə isə İbrahim Hassan Qanemlə (Fransa) görüşəcək.
“Klassik”lərin liderlərindən olan Rafiq Hüseynov isə finala yüksələ bilməyib.
82 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda əzəli rəqibi, Türkiyə təmsilçisi Burhan Akbudağa məğlub olub.
O, sabah bürünc medal uğrunda görüşə çıxacaq.
60 kq-dakı Nihat Məmmədli isə təsəlliverici qarşılaşmada mübarizə aparacaq.
Bu gün, həmçinin, dörd yunan-Roma güləşçisi medal görüşündə qüvvəsini sınayacaq. 55 kq-dakı Eldəniz Əzizli qızıl medal uğrnda Adem Uzunla (Türkiyə), 63 kq-dakı Taleh Məmmədov Leri Abuladze (Gürcüstan) ilə, 130 kq-dakı Sabah Şəriəti Rza Kayaalpla (Türkiyə) üz-üzə gələcək. 87 kq-dakı İslam Abbasov isə Laşa Qobadzeylə (Gürcüstan) bürünc medal uğrunda güləşəcək.
17:36
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi mübarizəyə başlayıb. İdmançılarımızın hər biri 1/8 finaldan yarışa start götürüblər.
60 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli Bolqarıstan təmsilçisi Edmond Nazaryanla üz-üzə gəlib. İdmançımız rəqibinə 3:7 hesabı ilə məğlub olub.
67 kq-da yarışan Həsrət Cəfərov Pedro De Moraislə (Portuqaliya) qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. O, 1/4 finalda norveçli Havard Yorgenseni 7:1 hesabı ilə üstələyərək yarımfinalda yarışmaq hüququ qazanıb.
72 kq-dakı Ülvü Qənizadə ilk görüşdə ukraynalı Andrey Kuliki 4:1, növbəti mərhələdə bolqarıstanlı Deivid Dimitrovu 3:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. Burada o, Selçuk Canla (Türkiyə) üz-üzə gələcək.
82 kq-da titullu pəhləvan Rafiq Hüseynov ilk görüşdə isveçrəli Mark Veberi (İsveçrə) 8:0 üstələyib. 1/4 finalda o, ermənistanlı Samvel Qriqoryanın kürəyini yerə vurub (3:2) və yarımfinala adlayıb. Rafiq finala yüksəlmək üçün Burhan Akbudakla (Türkiyə) güləşəcək.
97 kq-da mübarizə aparan Arif Niftullayev çexiyalı Artur Omarovla üz-üzə gəlib. O, rəqibinə 1:2 hesabı ilə uduzub.
10:24
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi mübarizəyə başlayacaq. İdmançılarımızın hər biri 1/8 finaldan start verəcək.
60 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli Bolqarıstan təmsilçisi Edmond Nazaryanla üz-üzə gələcək. 67 kq-da yarışan Həsrət Cəfərov Pedro De Moraislə (Portuqaliya), 72 kq-dakı Ülvü Qənizadə Andrey Kuliklə (Ukrayna) güləşəcək.
82 kq-da titullu pəhləvan Rafiq Hüseynov isveçrəli Mark Veberin (İsveçrə), 97 kq-da mübarizə aparan Arif Niftullayev çexiyalı Artur Omarovun müqavimətini qırmağa çalışacaq.
Bu gün, həmçinin dörd yunan-Roma güləşçimiz medal görüşünə çıxacaq. 55 kq-dakı Eldəniz Əzizli qızıl medal uğrunda Adem Uzunla (Türkiyə), 63 kq-dakı Taleh Məmmədov Leri Abuladze (Gürcüstan) ilə, 130 kq-dakı Sabah Şəriəti Rza Kayaalpla (Türkiyə) üz-üzə gələcək. 87 kq-dakı İslam Abbasov isə gürcüstanlı Laşa Qobadzeylə bürünc medal uğrunda güləşəcək.
Xatırladaq ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olublar, Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıblar. Qadınlardan Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medala sahib çıxıblar.