Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

35-ci seçki dairəsində Rauf Arifoğlu yaxud İqbal Ağazadə demokratiya yoxsa "Dermokratiya"

Bu gün yanvarın 17-də növbədənkənar parlament seçkilərində yarışacaq namizədlər təbliğat-təşviqat işlərinə başlayır. Bakının 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə də təbliğat kampaniyasının rəsmən başlaması ilə “sükutu” pozub. (Hərçənd onun bəzi rəqibləri faktiki olaraq təbliğat kampaniyasına bir ay əvvəldən başlayıblar). Bununla bağlı Ümid Partiyasının Seçki Qərargahında sonuncu hazırlıq tədbiri keçirilib. Tədbirdə Qərargah üzvləri iştirak ediblər.

Namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş partiya sədri, Qarabağ qazisi İqbal Ağazadə çıxış edərək bildirib ki, onların təbliğata ehtiyacı yoxdur, sadəcə seçicinin yaddaşını təzələmək üçün bəzi işlər görüləcək: "Bizim təbliğatımız çox sadədir. Seçicilərimizə deyirik ki, budur, sizin namizədiniz gəldi. O adamların hər biri Azərbaycan sevdalısı, demokratiya sevdalısıdır. Buna görə də hər biri bizimlə birlikdədir. Onlar bilir ki, biz Milli Məclisə gedib susmuruq, onları unutmuruq, seçkidən-seçkiyə qapılarını döymürük".

Alqışlarla davam edən tədbirdə İ. Ağazadə qeyd edib ki, 35-ci dairənin ərazisində yaşayan seçici kimə səs verəcəyini yaxşı bilir: "Bizə ona görə səs verirlər ki, biz təkcə Xətainin yox, bütün Azərbaycanın millət vəkili oluruq. Məni böyük siyasətə Xətai seçiciləri gətirib. Mən seçicilərimə inanmasaydım, bu yola çıxmazdım. Hərdən mənə deyirlər ki, sən niyə dairəni dəyişmirsən? Bilirsiniz nə cavab verirəm? Deyirəm, onlar məni hansısa namizədə dəyişmirsə, mən niyə dəyişim?"

Çıxışının sonunda İ. Ağazadə seçicilərinə müraciətlə onu da qeyd edib: « 4 il sizinlə bərabər olmamağım nə sizi mənə unutdurdu, nə də məni sizə. Təbliğatımız da ancaq bundan ibarətdir: gəldim deyəm ki, namizədiniz gəldi".

Tədbirdə Seçki Qərargahının rəhbəri Səməd Hətəmov və Qərargah üzvləri çıxış edərək öz fikirlərini bildiriblər. Sonda Seçki Qərargahı təbliğat və təşviqat kampaniyasına start verib. Bu günü gözləyən yüzlərlə insan hərəkətə keçib.

Qeyd edək ki, siyasi şərhçilər 35-ci dairədə seçkilərin qızğın keçəcəyini proqnozlaşdırır. Bütün gözləntilərin əksinə olaraq İqbal Ağazadənin bu dairədən alternativi onun yaxın dostu və tərəfdaşı, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu oldu. İ.Ağazadə özü tərəfdaşının qərarını anlaşılmazlıqla qarşılayıb. Çünki 2000-ci ildən, 15 ildir Milli Məclisə namizədliyini məhz həmin dairədən verirdi. Və R.Arifoğlu köhnə dostuna və tərəfdaşına rəqib olmasını tutarlı şəkildə izah edə, əsaslandıra bilməyib.


R.Arifoğlu ilə İ.Ağazadə arasında heç bir ideoloji fikir ayrılığı yoxdur, hər iki namizəd milli-demokrat platformasında dayanır və sağçı şüarlarla çıxış edir. R.Arifoğlunun baxışlarında yeganə fərq budur ki, o müxalifətdən hakimiyyət sıralarına keçib, son illər hökumətin siyasətinə hər cür dəstək verir. Amma R.Arifoğlunun İ.Ağazadəyə alternativ olmasının motivi nədir-bu böyük sualdır. Axı əvvəlki seçki kampaniyalarında R.Arifoğlu və onun “Yeni Müsavat” qəzeti həmin dairədən İqbal Ağazadənin namizədliyinə dəstək verirdi. Görünür bu suala cavabı biz seçki kampaniyasının gedişində və ola bilsin daha sonra ala biləcəyik.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə